Azərbaycan Xüsusi Olimpiya Komitəsi

XÜSUSİ OLİMPİYA HƏRƏKATININ TARİXİNDƏN

Beynəlxalq aləmdə “Special Olympics” (Speşial Olimpiks) adı ilə tanınan bu hərəkatın əsasını 1963-cü ildə ABŞ Prezidenti Con Kennedinin bacısı Yunis Kennedi-Şrayver qoymuşdur. Hər şey əqli imkanları məhdud olanlar üçün onun evində idman-sağlamlıq düşərgəsinin təşkilindən başlayıb. Onların futbol oynamaqda, qaçmaqda və üzgüçülükdə göstərdikləri məharət və fəallıq tezliklə bütün dünyanın diqqətini cəlb etdi. Bütün bunlar əqli imkanları məhdud olanlara qarşı ictimai fikrin tam dəyişməsinə səbəb oldu.

1968-ci ildə Çikaqoda ilk Xüsusi Yay Olimpiya Oyunları keçirilmişdir. 1988-ci ildə isə Beynəlxalq Olimpiya Komitəsi Xüsusi Olimpiya Komitəsini rəsmən tanımış və qarşılıqlı anlaşma müqaviləsi imzalanmışdır.

Xüsusi Olimpiya Komitəsinin Baş Qərargahı ABŞ-ın paytaxtı Vaşinqton şəhərindədir. 2010-cu ilə kimi Komitəyə rəhbərliyi ömürlük fəxri sədr Yunis Kennedi-Şrayverin həyat yoldaşı Sarjent Şrayver etmişdir. Hazırda Komitənin sədri və baş idarəedicisi onların oğlu, elmlər doktoru Timoti Şrayverdir.

Xüsusi Olimpiya və Paralimpiya Komitələri iki müxtəlif təşkilatdır. Xüsusi Olimpiya əqli imkanları məhdud olan insanlara öz atletik bacarıqlarını bütün səviyyələrdə nümayiş etdirməyə imkan yaradır. Yəni zəif, orta və yüksək nəticə göstərən idmançılar öz hazırlıq səviyyələrinə uyğun olaraq ayrı-ayrı qruplara bölünür və hər qrupda ayrı-ayrılıqda qızıl, gümüş və bürünc medallar uğrunda mübarizə aparırlar. Paralimpiya isə fiziki və əqli çatışmazlığı olan yalnız yüksək nəticəli atletlərin idman bacarıqlarını təmin edir.

Azərbaycan Xüsusi Olimpiya hərəkatına 1990-cı ildən etibarən qoşulmuşdur. Komitə 1990-cı ildən etibarən SSRİ Xüsusi Olimpiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1991-ci il noyabrın 30-da keçirilən ilk Təsis konfransında Xüsusi Olimpiya Komitəsi təsis olunmuşdur. Keçmiş sosial müdafiə və təhsil naziri Lidiya Xudat qızı Rəsulova komitənin ilk prezidenti, keçmiş “Ehtiyat Əmək Qüvvələri” könüllü idman cəmiyyəti Respublika Şurasının sədr müavini Şahin Kamoş oğlu Əliyev isə komitə sədrin müavini və icraçı direktoru seçilmişdir. Xüsusi Olimpiya Komitəsi Azərbaycan Milli Olimpiya Komitəsi ilə birgə – 1992-ci ilin mart ayının 10-da Ədliyyə Nazirliyinin Kollegiyasında dövlət qeydiyyatından keçmişdir.

Komitə 1993-cü ildən etibarən Beynəlxalq Xüsusi Olimpiya və Avropa/Avrasiya Komitəsinin üzvüdür.