Azərbaycan Xüsusi Olimpiya Komitəsi
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin
REGİONAL FİLİALLARI

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin Bakı və Abşeron yarımadasından əlavə 7 regional proqramı da fəaliyyət göstərir. Regional proqramlardan əlavə paytaxt Bakı şəhərində və digər regional proqramlarda xüsusi, yardımçı məktəb və internatların nəzdində Komitənin ilkin təşkilatları olan Adaptiv fiziki tərbiyə və idman klubları fəaliyyət göstərir.

Yerlərdə regional yarışlar keçirilir, yığma komandalar formalaşdırılır və onların Respublika yarışlarında iştirakı təmin olunur.

Komitənin regional proqramları aşağıdakılardır:

 1. Bakı-Abşeron Regional Proqramı
 2. Gəncə Regional Proqramı
 3. Sumqayıt Regional Proqramı
 4. Şəki Regional Proqramı
 5. Quba Regional Proqramı
 6. Lənkəran Regional Proqramı
 7. Göyçay Regional Proqramı
 8. Salyan Regional Proqramı

AİLƏ
PROQRAMI

Ailə proqramı 1995-ci ildə yaradılmışdır. 440 ailə və onların üzvləri Xüsusi Olimpiya hərəkatına cəlb olunmuşdur. Bu layihə ailələrdə olan atletlərin xüsusi olimpiya hərəkatına cəlb olunmasını həyata keçirir.

Ailə proqramının tərkibində 3-7 yaşlı gənc atletlərin cəlb olunmasını həyata keçirən bir layihə də vardır. Bu layihə belə də adlanır: «Gənc atletlər». Bu layihə məktəbəqədər yaşlı əqli imkanları məhdud olan uşaqları cəlb edir ki, onlar da xüsusi olimpiyadanın ehtiyat qüvvələri hesab olunurlar. Beynəlxalq qanunlara uyğun olaraq, xüsusi olimpiya oyunlarında yalnız 8 yaşı tamam olmuş atletlər iştirak edə bilərlər.

Yeni regional proqramların açılması və gənc atletlərin sayının artması perspektivdə ailə proqramının inkişafına kömək etmiş olacaqdır.

Ailə proqramı Simra Əliyeva tərəfindən inkişaf etdirilir.

UŞAQ ATLET
PROQRAMI

2014-cü ildə 5-7 yaşlı uşaq-atletlərin tədbirlərinin keçirilməsi ilə əlaqədar, Beynəlxalq Xüsusi Olimpiya Komitəsindən Azərbaycan Xüsusi Olimpiya Komitəsinin hesabına 5000 ABŞ dolları maliyyə vəsaiti köçürülmüşdür. Layihənin məqsədi yeniyetmə idmançıların üzgüçülük və atletika məşqlərinə cəlb olunması və onlar üçün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Şən startlar” çərçivəsində tədbirlərin keçirilməsi idi.

Tədbirə Azərbaycana Birgə Yardım Təşkilatının Bakı və Abşeron yarımadasının xüsusi, yardımçı məktəb və internatlarının 100-dən çox 5-7 yaşlı uşaq-atletləri cəlb olunmuşdur. Onlar üçün atletika Olimpiya Mərkəzində və “Təhsil” Respublika İdman Mərkəzinin bazasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müvafiq idman tədbirləri keçirilmişdir.

Uşaq atletlər Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təsis etdiyi mükafatlar və medallarla təltif olunmuşdur.

YENİYETMƏ ATLET
PROQRAMI

8-12 kiçik yaşlı yeniyetmə idmançılar üçün 2014-cü təqvim ilində badminton, stolüstü tennis idman növləri üzrə Respublika yarışları keçirilmişdir. Bu yarışlarda Komitənin yığma komandalarına namizədlik üçün baxış keçirilmişdir.

Yarışlarda Bakı-Abşeron, Gəncə, Şəki, Lənkəran, Göyçay və Salyan regional Komitələrinin komandaları iştirak etmişlər.

Yarışlarda qalib gələn və mükafatçı komandalar Xüsusi Olimpiya Komitəsinin təsis etdiyi kubok və diplomları, qalib və mükafatçı idmançılar isə müvafiq medallarla təltif olunmuşlar.

ADAPTİV FİZİKİ TƏRBİYƏ
PROQRAMI

Adaptiv fiziki tərbiyə üzrə ixtisasçıların hazırlanması təşəbbüsü ilk dəfə 2001-ci ildə «Xüsusi Olimpiya» Komitəsi tərəfindən verilmişdir. «Xüsusi Olimpiya» Komitəsi rəhbərliyinin göstərdiyi təşəbbüs Gənclər və İdman Nazirliyi tərəfindən bəyənilmiş və rəsmi olaraq Komitənin müktubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının elmi şurasının qərarı ilə bu ali təhsil ocağında adaptiv fiziki tərbiyə üzrə ixtisasçıların hazırlanması fənni tədris olunmağa başlanmışdır. Bu istiqamətdə 2002-2005-ci illərdə «Xüsusi Olimpiya» Komitəsi və İdman Akademiyası tərəfindən birgə adaptiv fiziki tərbiyə üzrə beynəlxalq seminarlar keçirilmişdir. Seminarların işində Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsinin koordinatoru Kşiştof Krukovski, Lezqaft adına Sankt-Peterberq Bədən Tərbiyəsi və İdman Universitetinin professoru Serqey Yevseyev və qardaş Gürcüstan Respublikası İdman Akademiyasının nümayəndəsi də iştirak etmişdir.

Adaptiv fiziki tərbiyə üzrə ixtisasçıların hazırlanması elmi şuranın qərarı ilə İdman Akademiyasının professoru Hənifə Qurbanova həvalə olunmuşdur.

KÖNÜLLÜLƏR
PROQRAMI

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin fəaliyyəti və inkişafında 1990-cı ildən başlayaraq könüllülərin çox böyük xidməti olmuşdur. İdman yarışlarına və tədbirlərinə hazırlıq və onların keçirilməsi ərəfəsində könüllülərin köməyinə həmişə böyük ehtiyac duyulmuşdur. Hazırda, könüllülərin ümumi sayı 230 nəfərdən çoxdur.

Onlar əsasən yardımçı, xüsusi məktəb və internatların, uşaq evlərinin tərbiyəçiləri və müəllimlərindən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının basketbol, həndbol, futbol və adaptiv bədən tərbiyə ixtisaslı üzrə təhsil alan tələbələrindən, habelə akademiyanın müəllimlərindən ibarətdir.